16:45 Aysel Teymurzade Ve Hadiseden Müsahibe | |
- Rəqibləriniz və onların ifa edəcəkləri mahnılar artıq bəllidir. Onlara qalib gəlmək şansınız varmı, sizcə?
- Əlbəttə, var. Həm də bu, tək bizim fikrimiz deyil. Bir çox ölkədə konsert vermişik və görmüşük ki, çoxları bizi bəyənir. Əcnəbi bukmekerlər bizim mahnımızı ilk üçlükdə görürlər. İndidən bilmək olmaz, amma ən azından ilk onluğa iddialıyıq. - Ən güclü rəqibiniz kimdir? - Mən Norveçi təmsil edən oğlanın ifasını çox bəyənirəm. Əslində, “Eurovision” mahnı yarışması olsa da, mən ona yalnız mahnı yarışı kimi baxmaq istəmirəm. Bu yarışda yetərincə əyləncə də var. Düşünürəm ki, əsas məsələ iştirak etmək və uzun müddət çoxlarının yaddaşında qala bilməkdir. - “Mən Hadisədən güclüyəm” demisiniz. Ümumiyyətlə, Hadisənin ifasını bəyənirsinizmi? - Mən heç vaxt elə söz deməmişəm. Lovğalanmaq mənə yaddır. Təəssüf ki, mənim adımdan bu cür sözlər yayırlar. Hadisə heç də zəif deyil. Mən onun ifasını çox bəyənirəm. Qardaş Türkiyəni təmsil edir və hamıdan öncə onu dəstəkləyirəm. - Ən çox dəstəyi hansı ölkədən gözləyirsiniz? - Əlbəttə ki, Türkiyədən. Amma düşünürəm ki, yarışın mahiyyətinə siyasət qarışmasa yaxşı olar. İfamı bəyənən hər ölkədən dəstək gözləyirəm. İnşallah, yaxşı olar. - Səhnəni Araşla paylaşmaq ürəyinizcədirmi? - Mən onunla birgə çıxış edəcəyimə həm sevinirəm, həm də bundan qürur duyuram. Çünki Araş tanınmış müğənnidir və onun bəlli bir pərəstişkar kütləsi var. İkimiz birlikdə Azərbaycanı təmsil edəcəyik və düşünürəm ki, Araşın pərəstişkarları da bizə böyük dəstək verəcəklər. - Bu yarışmaya tək qatılsaydınız, şansınızı necə dəyərləndirərdiniz? - Bu sualı mənə çox verirlər. Amma mən özümə güvənib yarışa qatılmışam, heç vaxt da kiminsə arxasında gizlənmək fikrim olmayıb. Düzdür, dünyada tanınmış və sevilən bir müğənniylə birlikdə çıxış etmək mənim üçün sevindirici haldır. Amma bu o demək deyil ki, mən özüm heç nəyə qadir deyiləm. Məni münsiflər heyəti bəyənib seçib. Fikrimcə, Araşla, ya Araşsız, əsas məsuliyyət yenə də mənim üzərimdədir.
- Belə deyirlər ki, "Eurovision" sənətdən çox siyasət yarışıdır. Türkiyə təmsilçisinin bu yarışda qazana biləcəyi nəticələrlə bağlı düşüncəniz necədir? Şansınızı necə dəyərləndirirsiniz?
- "Eurovision" bir mahnı yarışmasıdır, amma çox təəssüf ki, bəzən səsverməyə siyasət də təsir edir. Hər kəsi bu vəziyyətdən uzaqlaşmağa və bu müsabiqənin mahnı yarışması olduğunu xatırlamağa səsləyirəm. Təbliğat xarakterli turnelərimiz başlayandan çox müsbət reaksiyalar görürük, insanlar bizə mahnımızı bəyəndiklərini hiss etdirirlər. Ümid edirəm ki, bu münasibət SMS-lərə də öz təsirini göstərəcək. - Hansı ölkələrdən daha çox səs gözləyirsiniz? - Mahnımızı bəyənən hər ölkədən səs gözləyirəm. Turnemizdə 20-yə yaxın ölkədə olduq və çox bəyənildik. O ölkələrin hamısının dəstəyinə ümid edirəm. - Yəqin ki, rəqiblərinizi izləyirsiniz. Ən güclü rəqib olaraq kimi və ya kimləri görürsünüz? - Əlbəttə, "Eurovision" bir mahnı müsabiqəsidir, amma biz əvvəlcədən diqqətimizi öz mahnımıza və öz uğurumuza yönəltmişik. Bütün iştirakçı ölkələr kimi biz də yarışda yer tutmaq istəyirik. Əsas məqsədimiz səhnədə hamıdan yaxşı olmaq, illər keçəndən sonra da yaddaşlardan silinməməkdir. - Azərbaycanı yarışda təmsil edəcək Aysel Teymurzadəni izləmisinizmi? Onu necə dəyərləndirirsiniz? - Bəli, izləmişəm. Onun çox bacarıqlı olduğunu düşünürəm. “Həmişə” (“Alweys”) mahnısını da çox bəyəndim, dinamik və gözəl mahnıdır. Sizin saytınız vasitəsilə də onlara uğurlar diləyirəm. - “Konsert vermək istədiyim ölkələr var” demişdiniz. Azərbaycan da bu sırada yer alırmı? - "Eurovision-2009" ərəfəsində son konsertimizi mayın 1-də Azərbaycanda verməyi planlaşdırırıq. Müsabiqədən sonra yenə Azərbaycana getmək və orada konsert vermək istəyirəm. - Bu ərəfədə Azərbaycan tamaşaçılarına mesajınız varmı? - İndiyə qədər Azərbaycan həmişə mənə dəstək verib və indi də məni dəstəkləməkdə davam edir. Mahnımızı bəyənən hər kəsi mayın 12-də ekran qarşısına, bizi dəstəkləməyə çağırıram. İnanıram ki, sənət bütün dünyada dostluğu daha da artırır. Mayın 1-də konsertdə Azərbaycan xalqı ilə bir yerdə olacağım üçün çox sevinir və həyəcanlanıram. Mənə bu müsahibədə Azərbaycan xalqına müraciət etmək imkanı yaratdığınız üçün sizə də çox təşəkkür edirəm. Hər kəsə sevgilərimi yollayıram. | |
|
Всего комментариев: 0 | |