23:50 Erməniyə dəhliz verilsə, 250 min azərbaycanlı Ermənistana qayıdacaq? | |
QAT "erməni açılımı" ilə bağlı bəyanat verib Qarabağ Azadlıq Təşkilatının son dövrdə baş verən hadisələrlə bağlı bəyanat verib. QAT-dan ANS PRESS-ə verilən məlumata görə, bəyanatda bildirilir ki, Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşdırılması istiqamətində atılan addımlar, Ermənistanın region layihələrinə cəlb edilməsi cəhdləri, Azərbaycanla Ermənistan arasında üzdəniraq “xalq diplomatiyası” xəttinin yenidən gücləndirilməsi və digər hadisələr beynəlxalq güclərin bütün cəbhə boyu hücuma keçdiklərini və Azərbaycanı təslimçi sülhə məcbur etmək istədiklərini bir daha təsdiq edir. "Biz əminliklə bəyan edirik ki, bu qüvvələrin göstərdiyi cəhdlər heç bir nəticə verməyəcək və onlar məkrli niyyətlərinə nail ola bilməyəcəklər. Azərbaycan xalqının vahid iradəsi onların çəkdikləri zəhmətləri hədər edəcəkdir. Biz buna əminik, qoy erməni işğalçıları, onların havadarları xam xəyallara düşməsinlər və bu hay-küylə Azərbaycan xalqının iradəsini qırmağa ümid etməsinlər. Bizi daha çox narahat edən Laçın dəhlizinin ölçülməsi, təhlükəsizliyinin təmin edilməsi ilə bağlı ATƏT missiyasının göndərilməsi ilə bağlı verilən məlumatlardır. Bu, Azərbaycan iqtidarının ermənilərə dəhliz verilməsinə razılaşması ilə bağlı ciddi şübhələr yaradır. Bu, hakimiyyət tərəfindən çox böyük yanlışlıq və milli maraqlara xəyanət olardı. Biz bu məlumata inanmır və iqtidarı bu məsələdə sərt və düzgün mövqe tutmağa dəvət edirik. Ermənilərə hər hansı dəhlizdən söhbət də gedə bilməz. Onlara dəhliz verilməsi heç bir məntiqə sığmır. Onlara “nə üçün dəhliz verilməlidir?”, “dünyanın hansı ölkəsində kimlərəsə belə bir dəhliz verilib?”, “bəs biz nə üçün verməliyik?” suallarının heç bir cavabı yoxdur. Əgər 60 min erməniyə dəhliz verilirsə, onda 250 min azərbaycanlı Ermənistana qaytarılmalı və onlara da Azərbaycanla maneəsiz əlaqə saxlamaq üçün dəhliz verilməlidir, və yaxud Gürcüstanda yaşayan 600 min, Rusiyanın Dağıstan bölgəsində yaşayan 200 min azərbaycanlıya da dəhliz verilməlidir. Biz hesab edirik ki, ermənilər üçün dəhliz təklif edən beynəlxalq təşkilatlar bu məsələ üzərində ciddi düşünməli və mövqelərinin nə qədər məntiqsiz olduğunu başa düşməlidirlər. Biz həmçinin hesab edirik ki, Azərbaycan hakimiyyəti bu məsələdə güzəştə getməməlidir. Bu, bütün Qarabağın taleyini həll edən bir məsələdir. Bu məsələdə güzəşt ölümə bərabərdir. Xalq belə bir xəyanəti və cinayəti heç bir iqtidara bağışlamaz! Xalq onsuz da öz sözünü deyəcək və təslimçi xəttin həyata keçirilməsinə imkan verməyəcəkdir!" | |
|
Всего комментариев: 0 | |