SAYTA GİRİŞ
Главная » 2009 » Dekabr » 31 » İlham Əliyevin Azərbaycana YeNi İl Tebriki
00:50
İlham Əliyevin Azərbaycana YeNi İl Tebriki
  
 

DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ VƏ YENİ İL
MÜNASİBƏTİLƏ PREZİDENT İLHAM ƏLİYEVİN AZƏRBAYCAN XALQINA TƏBRİKİ

Hörmətli xanımlar və cənablar!
Əziz həmvətənlər!

Mən sizin hamınızı Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm.
2009-ciil başa çatır. Ölkəmiz üçün, Azərbaycanın hərtərəfli inkişafı üçün 2009-ci il çox
uğurlu olub. 2009-ci ildə bizim iqtisadiyyatımız yüksək sürətlə inkişaf etməkdə davam edib. Deyə bilərəm ki, son dörd il ərzində Azərbaycan iqtisadi artım baxımından dünyada birinci ölkədir. Bu, böyük nailiyyətdir və bizə imkan verir ki, bütün iqtisadi, infrastruktur və sosial məsələləri uğurla həll edək.
Təsadüfi deyil ki, 2009-ci ildə Dünya Bankı Azərbaycanı bir nömrəli islahatçı ölkə kimi tanıyıb və bunu bəyan edib. Bu onu göstərir ki, Azərbaycanda aparılan ciddi, düşünülmüş
iqtisadi islahatlar öz bəhrəsini verir və dünya miqyasında Azərbaycan çox böyük nüfuza malikdir, çox böyük hörmətə malikdir.
Azərbaycanda iqtisadiyyatın inkişafı üçün bütün lazımi tədbirlər görülür. Dövlət sahibkarlığın inkişafını dəstəkləyir və növbəti illərdə bu dəstək daha da böyük olacaqdır. Bunun nəticəsində bu gün Azərbaycan iqtisadiyyatının 85 faizi özəl sektorda formalaşır. Bu, böyük nailiyyətdir və onu göstərir ki, Azərbaycanda siyasi və iqtisadi islahatlar ölkəmizin hərtərəfli inkişafına xidmət edir və ölkəmizi gücləndirir. Biz bundan sonrakı illərdə də iqtisadi inkişafa böyük diqqət göstərəcəyik və əminəm ki, qarşıda duran bütün vəzifələrə nail olacağıq.
Ölkəmizdəson beş il ərzində həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı da uğurla başa çatıb. Proqramın bütün vəzifələri icra olunub. Proqram qəbul olunanda 600 min yeni iş yerlərinin açılması nəzərdə tutulub. Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, son beş il ərzində Azərbaycanda 750 min yeni iş yerləri açılmışdır ki, bu da regionların inkişafına çox böyük təkan verib.
Bizim bölgələrimiz abadlaşır, gözəlləşir, yeni infrastruktur layihələri həyata keçirilir, sosial obyektlər tikilməkdədir. Bütün bunlar Azərbaycanın hərtərəfli inkişafına xidmət göstərir, Azərbaycanın bütün bölgələri inkişaf edir.
Kənd təsərrüfatına böyük diqqət göstərilir. Biz, demək olar ki, ərzaq təhlükəsizliyinin təmin olunması üçün bütün lazımi tədbirləri görmüşük və ümid edirəm ki, növbəti bir-iki il ərzində özümüzü ərzaq məhsulları ilə tamamilə təmin edəcəyik. Kənd təsərrüfatında aparılan islahatlar, fermerlərə verilən
güzəştlər, dövlət qayğısı, dövlət tərəfindən verilən kreditlər - bütün bunlar bizim uğurlarımızı şərtləndirən amillərdir.
Bununla bərabər, Azərbaycanda sosial siyasətə böyük diqqət göstərilir. Bəli, biz bazar iqtisadiyyatı əsasında yaşayırıq və uğurumuzun da əsası bundan ibarətdir. Ancaq bununla bərabər, bütün sosial proqramların icrası üçün Azərbaycan iqtidarında iradə var və biz bunu edirik.
Azərbaycanda sosial obyektlərin tikintisi geniş vüsət alıb. Son beş il ərzində Azərbaycanda 1600 yeni məktəb tikilmişdir və növbəti illərdə bu siyasət davam etdiriləcəkdir. Yeni məktəblərin tikintisi davam etdiriləcəkdir. Bütün bölgələrdə, demək olar ki, hər yerdə yeni müasir tibb müəssisələri yaradılır. Onlar ən müasir avadanlıqlarla təchiz olunur ki, insanlara gözəl tibbi xidmət göstərilsin. Bu da bizim sosial siyasətimizin təzahürüdür. Ünvanlı sosial yardım proqramı icra olunur və bunun da çox böyük əhəmiyyəti var. Baxmayaraq ki, Azərbaycanda yoxsulluq şəraitində yaşayanların sayı son beş il ərzində 49 faizdən 16 faizə düşmüşdür və əminəm ki, 2009-ci ilin yekunlarına görə bu rəqəm daha da aşağı düşəcəkdir, hələ ki, yoxsulluq şəraitində yaşayan vətəndaşlar var və dövlət onlara kömək üçün hər şeyi etməlidir. Ona görə ünvanlı sosial yardım proqramı bundan sonra da davam etdiriləcək və əminəm ki, Azərbaycanda yoxsulluq kimi ictimai bəla aradan qaldırılacaqdır.
2008-ci ildə minimum əmək haqqı və minimum pensiyanın həcmi 50 faiz artırılmışdır və bundan sonrakı illərdə bu siyasət davam etdiriləcəkdir. Biz elə etməliyik ki, insanlarımız yaxşı yaşasınlar. Bizneslə məşğul olanlar üçün şərait yaradırıq, ancaq büdcə təşkilatlarında işləyənlər, vətəndaşlarımız dövlət tərəfindən lazımi maddi təminat almalıdırlar və biz bu istiqamətdə bundan sonra da işləyəcəyik.
2009-ci ildə məcburi köçkünlərin, qaçqınların sosial problemlərinin həlli və məşğulluğunun artırılması üçün bütün lazımi tədbirlər görülübdür. 2003-cü ildə mən söz vermişdim ki, Azərbaycanda bir dənə də çadır şəhərciyi qalmayacaqdır. Biz buna nail olduq. Bu gün Azərbaycanda bir dənə də çadır şəhərciyi yoxdur. Əvvəllər dözülməz şəraitdə yaşayan soydaşlarımız bu gün gözəl evlərlə təmin olunublar. Onlar üçün qəsəbələr salınıb, məktəblər, tibb ocaqları tikilib, yollar salınıb, işıq xətləri çəkilibdir. Beləliklə, biz bu böyük, ağır sosial bəlanın aradan qaldırılması üçün mühüm addım atdıq. Bundan sonrakı illərdə biz bu siyasəti davam etdirəcəyik.
Amma bununla bərabər, bu məsələnin həlli üçün, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli və Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həlli üçün biz öz səylərimizi göstəririk. 2009-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində Azərbaycanın işğal altında qalan torpaqlarında vəziyyətlə bağlı
çox önəmli qətnamə qəbul edilib. Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçü - Minsk qrupunun həmsədrləri bu qətnamənin əleyhinə çıxıb, qətnamə böyük səs çoxluğu ilə qəbul edilib. Bir tərəfdən bu, Azərbaycanın gücünü göstərir, Azərbaycanın artan nüfuzunu göstərir. Digər tərəfdən, onu göstərir ki, haqq-ədalət öz yerini tutmalıdır.
Bütün dünya ictimaiyyəti AAzərbaycanı dəstəkləyir və mən şübhə etmirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaqdır. Bunun başqa yolu yoxdur. Azərbaycan dövləti və Azərbaycan xalqı heç vaxt Dağlıq Qarabağa müstəqillik verməyəcəkdir. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və biz Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün bütün səyləri göstərəcəyik. Həm siyasi, həm diplomatik və lazım gələrsə, hərbi üsullardan da istifadə etmək olar. Bu haqq bizdə var. Beynəlxalq hüquq bunu təmin edir.
Bildiyiniz kimi, bu istiqamətdə böyük işlər görülübdür. 2009-ci ildə ordu quruculuğu üçün lazımi tədbirlər görülübdür. Bizim bütün hərbi xərclərimiz 2 milyard dollara çatıbdır və 2009-cu ildə bu rəqəm daha da artacaqdır. Biz bunu edirik, bunu etməliyik, çünki biz müharibə şəraitində yaşayırıq, müharibə hələ bitməyibdir. Müharibənin birinci mərhələsi başa çatıb və biz hər an hazır olmalıyıq ki, öz doğma torpaqlarımızı istənilən yolla işğalçılardan azad edək. 2009-ci ildə keçirilən hərbi parad bizim hərbi gücümüzü hamıya göstərib.
Azərbaycan 2009-ci ildə öz enerji siyasətini uğurla davam etdirib. Biz enerji təhlükəsizliyi məsələlərinə nail olduq və bu gün başqa ölkələrin enerji təhlükəsizliyi üçün fəaliyyət göstəririk. Bu bizə həm siyasi, həm iqtisadi dividendlər gətirir, bizim üçün yeni imkanlar açır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft
-qaz kəmərləri uğurla fəaliyyət göstərir. Azərbaycan , demək olar ki, qarşıda duran bütün neft-qaz məsələlərini uğurla həll edibdir. İxracın şaxələndirilməsinə nail olubdur. Bu gün Azərbaycan nefti və qazı həm ölkəyə xidmət göstərir, - Azərbaycanda qazlaşdırma artıq 85 faizə çatıbdır, - eyni zamanda, bu, bizə iqtisadi imkanlar yaradır, siyasi imkanlarımızı genişləndirir. 2009-ci ildə Bakıda keçirilən Enerji sammiti bunun bariz nümunəsidir. Bakıda qəbul edilmiş qərarlar nəinki Azərbaycanın gələcək enerji siyasətini möhkəmləndirir, eyni zamanda bölgədə, Avropada, geniş mənada dünyada yeni vəziyyətə gətirib çıxarılmasına xidmət göstərəcəkdir. Biz bu imkanlardan uğurla istifadə edirik və mən şübhə etmirəm ki, növbəti illərdə Azərbaycanın uğurlu neft strategiyası davam etdiriləcəkdir.
Bununla bərabər, energetika sektoruna biz böyük vəsait qoyuruq. Son beş il ərzində AAzərbaycanda 6 elektrik stansiyasının tikintisinə nail olduq. Bir neçə elektrik stansiyası bərpa edilib, təmir olunub və bizim enerji gücümüzü artırıb. Bu da böyük nailiyyətdir. Yəni, bir sözlə, bu sahədə vəziyyət çox qənaətbəxşdir. Əminəm ki, növbəti illərdə bu uğurlu siyasət davam etdiriləcəkdir.
2008-ci ildə biz böyük tarixi əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə başladıq. Uzun illərdən, uzun müzakirələrdən sonra biz bu dəmir yolunun tikintisinə nail olduq və bu gün Azərbaycan şirkətləri bu işlərdə fəal iştirak edirlər.
Dəmir yolunun tikintisi nəticəsində, Avropa ilə Asiyanın
birləşməsi nəticəsində, təbii ki, Azərbaycanın həm iqtisadi, həm də geosiyasi mövqeləri daha da möhkəmlənəcəkdir. Azərbaycan nəqliyyat üçün əvəzolunmaz ölkəyə çevriləcəkdir. Bu, bizim uzunmüddətli milli maraqlarımızın təmin olunmasına xidmət göstərir.
Nəqliyyat sektorunda digər vacib hadisələr baş verib. 2009-ci ildə Lənkəranda və Zaqatalada iki gözəl aeroport istifadəyə verilib. Yeni tankerlər alınır, avtomobil yolları tikilir. Bütün bunlar böyük vəsait tələb edir. Azərbaycan dövləti bu
gün bu imkanlara malikdir. Uğurlu iqtisadi siyasətimiz, iqtisadi islahatlarımız bütün bu şəraiti bizim üçün yaratdı.
Əziz dostlar, bu gün, eyni zamanda, Dünya azərbaycanlılarının həmrəyliyi günüdür. Bu günü bütün azərbaycanlılar bütün dünyada qeyd edirlər. Azərbaycan dövləti dünya azərbaycanlılarının təşkilatlanması üçün, həmrəyliyinin güclənməsi üçün öz səylərini göstərir və göstərməkdədir. Mən çox şadam ki, demək olar, bütün ölkələrdə, azərbaycanlıların yaşadıqları bütün ölkələrdə bizim soydaşlarımız müvafiq təşkilatlarda fəaliyyət göstərirlər. Azərbaycan diaspor təşkilatları möhkəmlənir, güclənir və ölkəmizin maraqlarını təmin etmək üçün çox müsbət fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycan dövləti xaricdə yaşayan azərbaycanlıların məsələlərinin həlli üçün öz səylərini göstərir. Biz həmişə onları dəstəkləyəcəyik və bütün başqa ölkələrdə yaşayan azərbaycanlılar doğma Vətənə həmişə arxalana bilərlər.
2008-ci ildə prezident seçkiləri keçirilib. Azərbaycan xalqı demokratik, azad şəkildə öz iradəsini ortaya qoyub, öz iradəsini ifadə edib. Bu fürsətdən istifadə edərək, mənə göstərdiyi böyük etimada görə bir daha bütün Azərbaycan xalqına öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu böyük etimad və xoş münasibət məni daha da ruhlandırır. Mən beş il bundan əvvəl Azərbaycan xalqına söz vermişəm ki, ölkənin hərtərəfli inkişafı üçün əlimdən gələni edəcəyəm. Mən Azərbaycan xalqının
rifahı naminə çalışacağam. Azərbaycanın inkişafı naminə, dövlətçiliyimizin möhkəmlənməsi naminə çalışacağam. Bir daha demək istəyirəm ki, mənə göstərilən böyük etimad və inam məni həm çox ruhlandırır, həm də sevindirir. Mən bir daha Azərbaycan xalqına söz vermək istəyirəm ki, bundan sonra da əlimdən gələni əsirgəməyəcəyəm ki, doğma xalqıma ləyaqətlə xidmət edim.
Əziz dostlar!
Əziz xanımlar və cənablar
!
Əziz bacılar və qardaşlar!
Mən bir daha sizin hamınızı Yeni il bayramı və Dünya Azərbaycanlılarının həmrəyliyi günü münasibətilə ürəkdən təbrik edirəm. Sizə cansağlığı, xoşbəxtlik, yeni-yeni uğurlar arzulayıram.
Bayramınız mübarək olsun
 
   İlham Əliyev 
 
 
 
 
 
Fikirleriniz
 
 
Категория: Siyaset | Просмотров: 625 | Добавил: efirdi | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]